“Qida təhlükəsizliyi haqqında” Qanunun 24.1-2.2-ci maddəsinə əsasən, araq istehsalında xammal kimi istifadə olunan spirtin alışı qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməlidir. Bu tələbin pozulması qida obyektinin qeydiyyat və ya təsdiqinin ləğvi üçün əsas hesab olunur.
Bu barədə hafta.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən “Abşeron Şərab 1” MMC-də yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə istehsal prosesində istifadə edilən içməli spirtin alış sənədlərinin mövcud olmadığı müəyyən edilib.
Aşkarlanmış qanun pozuntusu ilə bağlı daxil olan müraciət əsasında, AQTA tərəfindən “Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib. Qərarla bağlı sahibkarlıq subyekti və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
